Britaniyada salmonella həyəcanı: İnfeksiyanın mənbəyi Ukraynadan gətirilən yumurtalar ola bilər
Britaniya hakimiyyəti ölkədə salmonellyoz xəstəliyinin yayılmasına Ukraynadan gətirilən yumurtaların səbəb ola biləcəyini ehtimal edir.
“The Telegraph” qəzeti mənbələrə istinadən yazır ki, Britaniya səhiyyə orqanlarının hazırkı versiyasına görə, salmonella ilə çirklənmiş məhsullar Ukraynadan ölkəyə gətirilib.
Nəşr xatırladır ki, 2021–2024-cü illərdə Britaniyada qeydə alınan əvvəlki salmonellyoz epidemiyası da Ukrayna məhsulları ilə əlaqələndirilmişdi. Həmin vaxt infeksiyanın mənbəyi Ukraynadan gətirilən dondurulmuş toyuq filesi hesab olunurdu.
Rusiya KİV-lərinin Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatları əsasında apardığı hesablamalara görə, avqust ayında Britaniyada salmonellyoz hallarının sayı 25 faiz artıb. 2025-ci ilin avqustundan indiyədək ölkədə ümumilikdə 259 yoluxma halı qeydə alınıb.
UKHSA da infeksiyanın yayılmasının ən ehtimal olunan səbəbi kimi xaricdən idxal edilən yumurtaların istehlakını göstərib.
Salmonellyoz Salmonella bakteriyalarının törətdiyi kəskin infeksion xəstəlikdir. Əsasən mədə-bağırsaq sistemini zədələyir, lakin nadir hallarda orqanizmdə ciddi sistemik fəsadlara səbəb ola bilər.
Xəstəliyin inkubasiya dövrü adətən 6 saatdan 2–3 günədək davam edir, bəzi hallarda isə 8 günə qədər uzana bilər. Əsas əlamətlər arasında 38–39 dərəcə temperatur, üşütmə, bədən ağrıları, baş ağrısı, qarın ağrısı, ürəkbulanma, qusma və ishal yer alır.
