Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə daha rahat çıxışının təmin edilməsi və növbələrin daha səmərəli idarə olunması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə davam etdirilir.
Bu çərçivədə Mərkəzi Neftçilər Xəstəxanasının da onlayn növbə sisteminə inteqrasiyası tamamlanıb. Artıq vətəndaşlar xəstəxanada bir sıra ixtisaslar üzrə həkim qəbuluna əvvəlcədən onlayn növbə götürə bilərlər.
Hazırda sistem vasitəsilə 11 ixtisas üzrə həkim qəbuluna onlayn növbə əldə etmək mümkündür. Bunlara pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt daxildir.
Yeni sistem vətəndaşların tibb müəssisəsinə müraciət prosesini daha rahat və çevik şəkildə təşkil etməyə imkan verir. Pasiyentlər qəbul üçün növbəni əvvəlcədən elektron qaydada götürməklə xəstəxanada uzun müddət gözləmək ehtiyacını azalda bilərlər.
Vətəndaşların sistemdən istifadəsinin asanlaşdırılması məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər də fəaliyyət göstərir. Könüllülər xəstəxanaya müraciət edən şəxslərin qarşılanmasına, onlayn növbə sistemindən istifadə qaydalarının izah edilməsinə və zəruri istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.
Onlayn növbə sisteminin tətbiqi həmçinin pasiyent axınının daha düzgün planlaşdırılmasına, gözləmə müddətinin minimuma endirilməsinə və həkimlərin iş yükünün daha səmərəli təşkilinə şərait yaradır. Bu yanaşma ümumilikdə tibb xidmətlərinin göstərilməsində operativliyin və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qeyd edək ki, TƏBİB tərəfindən onlayn növbə sisteminin digər tabeli tibb müəssisələrində də mərhələli şəkildə tətbiqi davam etdirilir. Bu istiqamətdə əsas məqsəd vətəndaşların tibbi xidmətlərə müraciət imkanlarını rəqəmsal həllər vasitəsilə daha əlçatan, rahat və şəffaf etməkdir.
Sosial şəbəkələrdə paylaş
