Həkim xəbərdarlığı: Qaçış velosipedi uşağın ayaq quruluşuna təsir edə bilər
Uşaqlar arasında geniş yayılan qaçış velosipedi (balans velosipedi) koordinasiya, tarazlıq və vestibulyar aparatın inkişafına kömək edə bilər. Lakin onun uzun müddət və düzgün istifadə edilməməsi bəzi uşaqlarda ayaq və onurğa ilə bağlı problemlərin yaranması və ya mövcud problemlərin ağırlaşması riskini artıra bilər.
Nevroloq Yekaterina Demyanovskayanın sözlərinə görə, balans velosipedindən istifadə uşağın fiziki və psixomotor inkişafına müsbət təsir göstərir. Belə velosipeddən istifadə edən uşaqlar sonradan iki təkərli velosipedə köməkçi təkərlər olmadan daha asan keçə bilirlər.
Mütəxəssislər isə əsas risklərdən birinin ayağın yerə düzgün basmaması olduğunu bildirirlər. Uşaq itələnərkən bütün ayaq əvəzinə barmaq uclarına və ya ayağın iç tərəfinə söykənə bilər. Bu vərdiş uzun müddət davam etdikdə düzgün olmayan hərəkət stereotipinin formalaşmasına səbəb ola bilər.
Xüsusilə ayaqlarında valgus meyli olan uşaqlarda bu vəziyyət problemi daha da ağırlaşdıra bilər. Bundan başqa, uzun müddət eyni vəziyyətdə oturmaq, bir ayağa daha çox yük düşməsi və nahamar səthlərdə sürmək çanaq-omba oynaqlarına və onurğaya qeyri-bərabər yük yarada bilər.
Mütəxəssislər balans velosipedindən istifadəyə 1,5–2 yaşdan əvvəl başlamamağı, oturacaq və sükanın uşağın ayaqları tam yerə çata biləcəyi şəkildə tənzimlənməsini tövsiyə edirlər. Bir gəzintinin təxminən 30 dəqiqə ilə məhdudlaşdırılması, fasilələrlə piyada gəzmək və mütləq dəbilqə, dizlik və dirsəklikdən istifadə etmək məsləhətdir.
Ayaqqabının isə möhkəm daban hissəsi və sürüşməyən altlığı olmalıdır.
Əgər uşaqda əvvəlcədən duruş pozğunluğu, bud-çanaq oynaqları ilə bağlı problem və ya ayaq deformasiyası varsa, balans velosipedi almadan əvvəl ortopedlə məsləhətləşmək tövsiyə olunur.
