Soyuq havada profilaktika vacibdir

Müasir araşdırmalar göstərir ki, soyuq hava özü qrip və ya digər respirator infeksiyalara səbəb olmur, lakin bu xəstəliklərin yayılmasına şərait yaradır. Bu, xüsusilə payız-qış mövsümündə yoluxma hallarının artması ilə müşahidə olunur. The Conversation xəbər verir ki, sadəcə soyuqdan qorunmaq xəstəliyi əngəlləmir, əsas səbəb virusların insanlardan insanlara yayılmasıdır.
Respirator xəstəliklər və qrip viruslar tərəfindən törədilir və onlar nəfəs damcıları vasitəsilə, yaxud birbaşa təmas zamanı yoluxur. Soyuq hava isə bu prosesi bir neçə yolla sürətləndirir: viruslar quru və soyuq havada daha uzun müddət canlı qala bilir, hava damcıları daha tez quruyur və havada daha uzun müddət qalır, bu da yoluxma riskini artırır. Soyuq havanın nəfəs yollarına təsiri də vacibdir – burun və yuxarı tənəffüs yollarının temperaturunun düşməsi qan damarlarını daraldır və lokal immuniteti zəiflədir, nəticədə virus hüceyrələrə daha asan daxil ola bilir.
Həmçinin insanların qışda daha çox qapalı məkanlarda olması, pis ventilyasiya şəraitində virusların hava ilə daha rahat yayılmasına səbəb olur. Günəş işığının azalması isə D vitamini səviyyəsinin düşməsinə gətirib çıxara bilər ki, bu da immuniteti zəiflədir.
Alimlər bildirirlər ki, soyuq hava birbaşa xəstəlik törətmir, amma virusların yayılmasını artırır və tənəffüs yollarının müdafiəsini müvəqqəti zəiflədir. Odur ki, soyuq havada isti geyinmədən küçəyə çıxmaq xəstələnməyə birbaşa səbəb deyil, lakin virusla təmasda olunduqda yoluxma ehtimalını yüksəldir.
Urbaninfo.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, profilaktika tədbirləri – otaqların mütəmadi hava ilə təmin olunması, uyğun rütubətin saxlanması və immunitetin qorunması – sadəcə soyuqdan qorunmaqdan daha effektivdir. Bu, qış mövsümündə xəstəliklərin pik həddə çatmasının səbəblərini başa düşməyə və “soyuqdan xəstələnmək olur” kimi yanlış mifdən uzaqlaşmağa kömək edir.