Kruiz gəmisində yayılan hantavirus dünyanı narahat edir
Aprelin 1-də Argentinadan yola düşən və 23 fərqli ölkədən sərnişin daşıyan lüks “MV Hondius” kruiz gəmisi hazırda beynəlxalq narahatlığın mərkəzinə çevrilib. Kanar adalarına doğru hərəkət edən gəmidə bəzi sərnişinlərdə hantavirus əlamətlərinin aşkarlanması bir neçə ölkədə həyəcan siqnalı yaradıb.
Hadisədən sonra Hollandiya və Sinqapurda şübhəli şəxslər dərhal karantinə alınıb. Dünən İsraildə, bu gün isə Böyük Britaniyada virusla bağlı təsdiqlənmiş yoluxma halları qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, indiyədək ümumilikdə 8 yoluxma halı müəyyən edilib. Onlardan 5-i laborator şəkildə təsdiqlənib. Virusla əlaqəli 3 ölüm hadisəsi də qeydə alınıb.
Hadisələrin başlanğıcı aprelin 11-nə təsadüf edir. Həmin gün hollandiyalı bir sərnişin həyatını itirib. Daha sonra Cənubi Afrikada onun həyat yoldaşı, mayın 2-də isə almaniyalı başqa bir sərnişin dünyasını dəyişib.
Hazırda bir neçə ölkədə vəziyyət xüsusi nəzarət altındadır:
Niderlandda KLM aviaşirkətinin təmasda olduğu əməkdaş karantinə yerləşdirilib. Test nəticəsi mənfi çıxıb.
Sinqapurda iki nəfər tibbi müşahidə altındadır.
Böyük Britaniyada ilk təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
İsveçrənin Sürix şəhərində bir xəstə müalicə olunur.
İsraildə xaricdən yoluxduğu ehtimal edilən bir pasiyentdə virus aşkarlanıb.
Mütəxəssislərin sözlərinə görə, hantavirus əsasən gəmiricilərin nəcisi, sidiyi və tüpürcəyi vasitəsilə yayılır. Ağır hallarda yüksək hərarət, ağciyər çatışmazlığı və ciddi tənəffüs problemləri yarada bilər.
ÜST bildirir ki, virusun COVID-19 kimi genişmiqyaslı pandemiyaya çevrilmə ehtimalı hazırda aşağı qiymətləndirilir. Buna baxmayaraq, beynəlxalq səhiyyə qurumları vəziyyəti diqqətlə izləyir və yeni yoluxmaların qarşısını almaq üçün tədbirlər gücləndirilir.