Həkimdən xəbərdarlıq: bəzi hava təmizləyiciləri allergiyanı ağırlaşdıra bilər

Ulyana Maxova bildirib ki, havanı təmizləmək üçün istifadə olunan ionizator və ozonatorlar allergiyası olan insanlarda tənəffüs yollarını qıcıqlandıra, xüsusilə astmalı şəxslərdə bronx spazmına səbəb ola bilər.
Həkimin sözlərinə görə, mövsümi allergiyanın qarşısını almaqda əsas məqsəd tozcuqların orqanizmə daxil olmasını minimuma endirməkdir. Çiçəklənmə dövründə ev və avtomobilin pəncərələrini bağlı saxlamaq, havalandırmanı isə yağışdan sonra və ya axşam saatlarında etmək tövsiyə olunur. Səhər və küləkli havada tozcuqlar havada daha çox olur.
O qeyd edib ki, HEPA filtrli hava təmizləyiciləri xüsusilə yataq otağında faydalıdır. Ancaq allergiya əleyhinə bəzi cihazlarda olan ozonator və ionizatorlardan uzaq durmaq lazımdır, çünki onlar nəfəs yollarına zərər verə bilər.
Həkim əlavə edib ki, tozcuqlar yalnız nəfəs yollarında deyil, saç və dəridə də toplanır. Buna görə evə qayıtdıqdan sonra duş qəbul etmək, üzü və burnu yumaq, paltarı dəyişmək məsləhətdir.
Maxovanın sözlərinə görə, xəstəliyin mexanizminə təsir edən əsas üsul allergen-spesifik immunoterapiyadır (ASİT). Bu müalicə allergenə həssaslığı tədricən azaldır və uzunmüddətli effekt verə bilər. O bildirib ki, ən yaxşı nəticə dərmanlarla yanaşı, ətraf mühitə nəzarətin birlikdə tətbiqi ilə əldə olunur.