“Gürcü Arzusu” xaricdən iğtişaşların maliyyələşdirilməsini tam bloklamaq üçün “Qrantlar haqqında” qanuna dəyişiklik edir

Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası xaricdən iğtişaşların maliyyələşdirilməsini qəti şəkildə mümkünsüz edəcək. Bunun üçün “Qrantlar haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.
“Gürcü Arzusu” partiyası sözügedən qanuna dəyişiklikləri əhatə edən qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır. Dəyişikliklər iğtişaşların maliyyələşdirilməsi üçün mövcud olan bütün dolayısı yolların tamamilə qarşısını almağa yönəlib. Bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya məlumat verib.
“Ölkəmiz və gürcü xalqı qarşısında məsuliyyətimizi nəzərə alaraq, gələcəkdə heç kimin Gürcüstanda iğtişaş və zorakılığı ölkə xaricindən maliyyələşdirmək üçün alternativ yol tapa bilməməsi üçün qanunvericiliyə dəyişiklik edirik.”
– İrakli Kirtsxaliya deyib.
Deputat xatırladıb ki, son beş il ərzində Gürcüstanda bir neçə dəfə hakimiyyəti devirmək cəhdləri olub və bu proseslərdə xaricdən maliyyələşən QHT-lər fəal iştirak edib. Onun sözlərinə görə, hazırkı qanunvericilikdə hələ də radikal qrupların maliyyələşdirilməsinə imkan verən boşluqlar mövcuddur. Qanun layihəsinə baxılması fevral ayında başlayacaq parlamentin yaz sessiyasından sonra nəzərdə tutulur.
Əgər qanun layihəsi qəbul edilərsə, Gürcüstanın daxili və ya xarici siyasətinə təsir göstərmək, eləcə də xarici dövlətlərin və ya partiyaların maraqlarının həyata keçirilməsi məqsədilə hər hansı şəxsə verilən bütün pul vəsaitləri qrant hesab olunacaq. Belə qrantların alınması üçün hökumətin icazəsi tələb olunacaq.
Bundan əlavə, “Qrantlar haqqında” qanunun pozulması artıq cinayət məsuliyyəti yaradacaq. Cəza tədbirləri cərimədən altı ilədək azadlıqdan məhrumetməni əhatə edəcək.