Afət Fərmanqızının məhkəmə işi başqa rayona göndərildi
Dəniz Əsədovanın şikayəti üzrə qərar verilib
Müğənni Dəniz Əsədovanın həmkarı Afət Fərmanqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə iclası keçirilib.
Saatlı Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə təqdim olunan sənədlərin araşdırılması zamanı Afət Fərmanqızının Tovuz rayonunda qeydiyyatda olduğu və ölkə ərazisində yaşamadığı müəyyən edilib. Məhkəmə işin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Dəniz Əsədovanın şikayətinə səbəb Afət Fərmanqızının sosial şəbəkələrdə yayımladığı canlı yayımlar zamanı onun barəsində təhqir və böhtan xarakterli ifadələr işlətməsi ilə bağlı iddialardır. Dəniz Əsədova həmçinin həmkarının azyaşlı övladları barədə də təhqiramiz ifadələr səsləndirdiyini bildirib.
Şikayət Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında məhkəmənin icraatına götürülüb.
Qeyd edək ki, Afət Fərmanqızı daha əvvəl Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifovanın da şikayətləri əsasında məhkəmə proseslərinə cəlb olunub.
