ICESCO üzv dövlətlərə maliyyə öhdəlikləri ilə bağlı çağırış etdi
Mədəniyyət naziri Adil Kərimli ICESCO Baş Konfransının 4-cü növbədənkənar sessiyasına qatılıb.
Sentyabrın 10-da videokonfrans formatında təşkil olunan toplantıda ICESCO-nun maliyyə vəziyyəti və təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi və əvvəlki illərdən yaranmış borcların təşkilatın maliyyə dayanıqlığına təsiri qeyd edilib.
Sessiyada maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə fövqəladə plan təqdim olunub. Planda cari üzvlük haqlarının 31 oktyabr 2026-cı ilədək ödənilməsi, əvvəlki borcların isə 31 dekabr 2028-ci ilədək razılaşdırılmış qrafik əsasında tənzimlənməsi nəzərdə tutulur.
Bundan əlavə, ICESCO-nun 2026–2029-cu illər üzrə Strateji Planının həyata keçirilməsi, gəlirlərin artırılması və maliyyə axınlarının sabitliyinin təmin olunması məsələləri müzakirə edilib.
Toplantıda üzv dövlətlərin maliyyə öhdəliklərini vaxtında yerinə yetirməsinin təşkilatın proqram və layihələrinin davamlı icrası, eləcə də institusional dayanıqlığının qorunması baxımından əhəmiyyəti vurğulanıb.
