Modelyerə qarşı üç maddə ilə ittiham irəli sürülüb – Ev dustaqlığı seçilib
Tanınmış modelyer Leyla Əhmədova barəsində aparılan cinayət işi üzrə yeni qərar qəbul edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
İlkin məlumatlara görə, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
L.Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2-ci, 186-cı və 309-cu maddələri ilə ittiham verilib. İttihamlara dələduzluq, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, eləcə də vəzifə saxtakarlığı daxildir.
İstintaqın müəyyən etdiyi hallara əsasən, “Konsern İnterturan” şirkətinin vitse-prezidenti olan Leyla Əhmədova atası, şirkətin rəhbəri Saday Əhmədovla birlikdə Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil etməkdə şübhəli bilinir. Hadisə nəticəsində 7 mülkiyyətçiyə təxminən 1 milyon manat məbləğində ziyan dəydiyi qeyd olunur.
Bundan əlavə, modelyerin torpaq sahəsinin satışı ilə bağlı bir şəxsdən 200 min manat avans aldığı, lakin sonradan torpağı satmadığı və həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyi iddia edilir.
Məlumata görə, zərərçəkmişlərin müraciətləri əsasında L.Əhmədova saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin bu qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.
L.Əhmədova təxminən bir ay Bakı İstintaq Təcridxanasında saxlanıldıqdan sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmə qərar qəbul edərkən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini də nəzərə alıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.
Leyla Əhmədova daha əvvəl mediada onun barəsində yayılan məlumatları təkzib edib və cinayət işi ilə bağlı iddiaların əsassız olduğunu bildirib.
Qeyd edək ki, şəxsə qarşı irəli sürülən ittihamlar məhkəmənin yekun qərarı ilə təsdiqlənmədiyi müddətdə o, təqsirsiz hesab olunur.
