Serhat Mustafa Kılıçın ölümündən əvvəl son günləri: “Heç kimlə görüşmək istəmirəm”
Türkiyəli aktyor Serhat Mustafa Kılıçın vəfatı ilə bağlı araşdırma çərçivəsində onun sevgilisi Özlem Esmergülün ifadəsi yayılıb.
51 yaşlı aktyor sentyabrın 5-də Nurtepe məhəlləsindəki evində sevgilisi tərəfindən ölü vəziyyətdə aşkarlanıb.
Özlem Esmergül ifadəsində bildirib ki, Serhat sentyabrın 2-də “Teşkilat” serialının afişa fotosessiyasında iştirak edib. Lakin növbəti gün nəzərdə tutulan çəkilişə getməyib.
Esmergülün sözlərinə görə, aktyor telefon danışığı zamanı boyun nahiyəsindəki disk yırtığı səbəbindən güclü ağrılar keçirdiyini və dərman qəbul etməsinə baxmayaraq özünü yaxşı hiss etmədiyini deyib.
Həmin gün saat 16:00 radələrində Serhat yenidən sevgilisinə zəng edərək serialdan çıxarıldığını bildirib. İddiaya görə, aktyor bu hadisədən sonra olduqca pis olduğunu, ağrılarının davam etdiyini və heç kimlə görüşmək istəmədiyini söyləyib.
Bundan sonra Esmergül onunla əlaqə saxlamağa çalışsa da, aktyor zəng və mesajlara cavab verməyib.
Sentyabrın 5-də Serhatın telefonunun bağlı olduğunu görən qadın onun evinə gedib. Mənzilə daxil olduqda aktyoru salondakı kresloda hərəkətsiz vəziyyətdə aşkar edib.
Esmergül əvvəlcə Serhatın bacısı Sinem Kılıçla əlaqə saxlayıb, daha sonra 112-yə zəng edərək təcili yardım çağırıb.
Xatırladaq ki, aktyora bir müddət əvvəl boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulmuşdu. Bu səbəbdən onun “Teşkilat” serialının çəkilişlərində iştirak etməyəcəyi bildirilmişdi.
