“Mimino” filminin çəkildiyi Telavi aeroportu yenidən fəaliyyətə başlayacaq
Gürcüstanın Telavi şəhərində məşhur sovet filmi “Mimino”nun bəzi səhnələrinin çəkildiyi, hazırda istifadəsiz vəziyyətdə olan aeroport yenidən fəaliyyətə hazırlanır.
Gürcüstanın “Aeroportların Birləşməsi” şirkəti hava limanında sərnişin terminalının tikintisi ilə bağlı tender elan edib. Tenderin ümumi məbləği 13,2 milyon lariyə (təxminən 5 milyon dollar) bərabərdir.
İlkin olaraq Telavi aeroportuna beynəlxalq hava limanı statusunun verilməsi planlaşdırılsa da, sonradan bu qərardan imtina edilib. Yenilənmiş hava limanı yalnız daxili reyslərə xidmət göstərəcək.
Terminalın tikintisinə 2027-ci ildə başlanılması nəzərdə tutulur. Daxili uçuşların qəbulu üçün zəruri infrastrukturun əsas hissəsi artıq yenilənib. Belə ki, hava limanının uzunluğu 1,2 kilometr, eni isə 25 metr olan uçuş-enmə zolağı təmir edilib.
