Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyası üzrə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Polad Bülbüloğlu gündəliyə 4 məsələnin daxil edildiyini bildirib. İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər qənaətbəxş qiymətləndirilib və 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Bununla yanaşı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər təqdim olunub və “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
İclasın sonunda müvafiq məsələlərin baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul olunub