Fevralın sonunda planetlərin paradı gözlənilir
Fevralın son günlərində Yer sakinləri nadir səma hadisəsinin şahidi ola biləcəklər. Bu barədə NASA məlumat yayıb.
Qurumun açıqlamasına görə, fevralın 28-də gün batdıqdan dərhal sonra axşam səmasında altı planet eyni vaxtda müşahidə olunacaq. Söhbət Merkuri, Venera, Saturn, Yupiter, Uran və Neptundan gedir.
NASA bildirib ki, əlverişli hava şəraitində dörd planet — Merkuri, Venera, Saturn və Yupiter — adi gözlə, yəni optik cihaz olmadan görünəcək. Uran və Neptunu müşahidə etmək üçün isə binokl və ya teleskop tələb olunacaq.
Planetlər səmada ekliptika xətti boyunca — Günəşin görünən hərəkət yolu üzərində — düzüləcək. Bu isə onların bir xətt üzrə sıralanmış kimi görünməsinə səbəb olacaq.
Mütəxəssislər müşahidə üçün gün batdıqdan dərhal sonrakı alatoranlıq vaxtını ən uyğun zaman hesab edirlər. Daha aydın görüntü əldə etmək üçün şəhər işıqlarından uzaq, üfüq xətti açıq olan ərazilərə üstünlük verilməsi tövsiyə olunur.
