Android yeniləməsindən sonra Google Pixel smartfonlarında Wi-Fi və Bluetooth problemləri yaranıb

Google Pixel smartfonlarının istifadəçiləri Android-in son yeniləməsindən sonra Wi-Fi və Bluetooth funksiyalarında nasazlıqlardan şikayətlənirlər. Keçən həftə yayımlanan yeniləmə əvvəlcə ciddi problem yaratmasa da, zaman keçdikcə nasazlıqlarla bağlı müraciətlərin sayı artmağa başlayıb. Bu barədə 9to5Google nəşri yazır.
Google forumlarında və Reddit icmalarında Pixel sahibləri bildirirlər ki, cihazlar simsiz şəbəkələri tapmır və ya ümumiyyətlə Wi-Fi funksiyası aktivləşmir. Bluetooth da bəzi hallarda işə düşmür. Ayrı-ayrı istifadəçilər kamera ilə bağlı problemlərin də yarandığını qeyd ediblər.
Problem bütün cihazlara təsir etməsə də, son günlər şikayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Nasazlıqlar xüsusilə Pixel 8 Pro, Pixel 10 və Pixel 10 Pro XL modellərində müşahidə olunur. Hələlik universal həll yolu yoxdur: istifadəçilərin sözlərinə görə, cihazın yenidən başladılması, şəbəkə parametrlərinin sıfırlanması və təhlükəsiz rejimdə işə salınması nəticə vermir. Bir halda problem hətta zavod parametrlərinə tam sıfırlamadan sonra da qalmaqda davam edib, lakin rəsmi stabil versiya yenidən quraşdırıldıqdan sonra aradan qalxıb.
Google şirkəti hələlik problemi rəsmi şəkildə tanımayıb və yalnız istifadəçilərə texniki dəstək xidməti ilə əlaqə saxlamağı tövsiyə edir.
Qeyd olunur ki, Wi-Fi və Bluetooth ilə bağlı oxşar nasazlıqlar əvvəlki Pixel yeniləməsində də müşahidə olunmuşdu, lakin cari proqram təminatında bu problemlər daha kütləvi xarakter alıb.