İflic xəstələrin danışığını və hərəkətlərini eyni anda ötürən texnologiya yaradılıb
ABŞ-də alimlər iflic xəstələrin beyin siqnallarını emal edərək onların nitqini və bədən hərəkətlərini eyni vaxtda rəqəmsal mühitdə canlandıran yeni beyin-kompüter interfeysi hazırlayıblar.
Bu barədə ABŞ Milli Səhiyyə İnstitutu (NIH) məlumat yayıb.
Kaliforniya Universitetində aparılan tədqiqatda üç iflic xəstənin iştirakı ilə maşın öyrənməsinə əsaslanan sistem sınaqdan keçirilib. Texnologiya beyindən alınan siqnalları rəqəmsal mühitdəki virtual personajın hərəkətlərinə çevirib.
Sistem nitq və bədən hərəkətləri ilə əlaqəli beyin siqnallarını xüsusi kabellər vasitəsilə eyni vaxtda ötürüb. Beləliklə, virtual personaj istifadəçinin həm danışığını, həm də hərəkətlərini əks etdirib.
Mütəxəssislər yeni texnologiyanın xüsusilə ALS xəstələrinin ünsiyyət imkanlarının genişləndirilməsinə və daha sürətli ünsiyyət qurmasına şərait yarada biləcəyini bildirirlər.
NIH-in məlumatına görə, bundan əvvəlki beyin-kompüter interfeysləri nitq və bədən hərəkətlərini əsasən ayrı-ayrılıqda ötürə bilirdi. Yeni sistem isə bu iki funksiyanı birləşdirir.
Tədqiqatçılar hazırda texnologiyanın simsiz versiyasının hazırlanması istiqamətində də iş aparırlar.
NIH direktoru Debara Tuççi bildirib ki, nəticələr ağır iflici olan insanların gələcəkdə daha təbii ünsiyyət qurması baxımından ümidvericidir.
