Qızıllı toyla məşhurlaşan şəxsin həyat yoldaşı saxlanıldı
Türkiyədə toy mərasimində gəlinə külli miqdarda qızıl taxılması ilə tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan saxlanılıb.
Türkiyə KİV-inin məlumatına görə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” ittihamı ilə həbs olunan Tançalanın həyat yoldaşı barəsində də saxlanılma qərarı verilib.
Çağla Öz polis bölməsindəki prosedurlar tamamlandıqdan sonra məhkəməyə çıxarılıb.
Mehmet Fatih Tançalan ifadəsində toyda həyat yoldaşına taxılan qızılların ona məxsus olmadığını söyləyib. Onun sözlərinə görə, qızıllar reklam məqsədilə toy mərasiminə gətirilib və tədbirdən sonra sahiblərinə qaytarılıb.
Tançalan toyun xərclərinin sponsorlar tərəfindən qarşılandığını, əlavə olaraq bəzi ödənişləri həyata keçirmək üçün dostlarından borc aldığını bildirib.
O, həyat yoldaşının sosial mediada tanındığını və paylaşımlarının əsasən izlənmə və qarşılıqlı əlaqənin artırılmasına yönəldiyini qeyd edib. Bəzi paylaşımların isə ironiya məqsədi daşıdığını deyib.
Xatırladaq ki, Mehmet Fatih Tançalanın toyunda gəlinə başdan-ayağa, o cümlədən tacına və ayaqqabısına qızıl taxılması sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu. Mərasimdə azərbaycanlı bloqerlərin də iştirak etdiyi bildirilir.
