Yardımlıda qədim kurqanda insan qalıqları aşkar edilib
Yardımlı rayonunda aparılan arxeoloji qazıntılar zamanı təxminən e.ə. X–XI əsrlərə aid kurqanda insan qalıqları aşkar edilib.
“Report” xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, professor, tarix elmləri doktoru Anar Ağalarzadə məlumat verib.
Onun sözlərinə görə, əsasən Yardımlı ərazisində aparılan qazıntılar yüksək dağlıq ərazilərdə yaşamış qədim tayfaların dəfn adət-ənənələrini ümumi şəkildə bərpa etməyə imkan verir. Bu da tədqiqatların əsas məqsədlərindən biridir.
Alimin bildirdiyinə görə, Ögü kurqanında qazıntılara ötən ayın sonunda başlanılıb. Abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdə insan skeleti və gil qab parçaları aşkarlanıb.
İlkin tapıntılar kurqanın e.ə. X–IX əsrlərdə istifadə edildiyini göstərir. Arxeoloqların mərkəzi kameraya doğru irəliləməsi zamanı daha qədim dəfnlərlə bağlı materialların üzə çıxacağı istisna edilmir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, antropoloq Dmitri Kiriçenkonun sözlərinə görə, ilkin araşdırmalar tapılan sümüklərin dağlıq ərazidə uzun müddət piyada hərəkət etmiş gənc qadına aid olduğunu göstərir.
Tapıntı ilə bağlı daha ətraflı və dəqiq məlumatların qalıqların hərtərəfli tədqiqindən sonra əldə ediləcəyi bildirilib.
