Qırmızı rəngli “qatlanan iPhone” görüntüləri saxta çıxdı? Apple barədə yeni iddia

Məşhur insayder Evan Blassın paylaşdığı və gələcək qatlanan “iPhone Ultra”ya aid olduğu bildirilən görüntülər texnologiya dünyasında mübahisə yaradıb.
“MacRumors”un yazdığına görə, “Bloomberg” jurnalisti Mark Qurman bu görüntülərin böyük ehtimalla “Apple”a aid olmadığını bildirib. Qurmanın sözlərinə görə, yayılan renderlər “Xiaomi” tərəfindən hazırlanıb və “Apple”ın gələcək qatlanan smartfonunun real görünüşünü əks etdirmir.
Blass “X” sosial şəbəkəsində cihazın qara, ağ və parlaq qırmızı rənglərdə görüntülərini yayıb. Lakin Qurman iddia edib ki, qatlanan “iPhone” nə qırmızı, nə də yaşıl rəngdə təqdim olunacaq.
Mövcud sızıntılara əsasən, “Apple” kitab formasında qatlanan ilk “iPhone” üçün daha klassik rənglərə üstünlük verə bilər. Cihazın qara və ya tünd boz, həmçinin gümüşü və ya ağ rənglərdə təqdim ediləcəyi ehtimal olunur. Bəzi iddialarda tünd rəngin indiqo çalarına yaxın olacağı, hətta tam qara versiyanın ümumiyyətlə olmayacağı bildirilir.
Qeyd edək ki, “Apple”ın qatlanan “iPhone Ultra” modelini “iPhone 18 Pro” seriyası ilə birlikdə 9 sentyabrda təqdim edəcəyi gözlənilir.