Balinaların səsi suda səs sürətini necə “ötürür”? Alimlər sirli effekti izah edib
Finvalların çıxardığı səslər bəzən suda səs sürətindən daha sürətli yayılan enerji pikinin yaranmasına səbəb ola bilər. Bu qənaətə Pensilvaniya Universiteti və Vuds-Houl Okeanoqrafiya İnstitutunun alimləri gəliblər.
Araşdırmanın nəticələri “Physical Review E” jurnalında dərc olunub.
Tədqiqatçılar bir neçə sualtı səs yazan cihazın köməyi ilə balinaların çıxardığı səslərin yayılma sürətini müəyyən etməyə çalışıblar. Hesablamalar isə gözlənilməz nəticə verib. Dəniz suyunda səsin orta sürəti təxminən saniyədə 1500 metr olduğu halda, bəzi ölçmələrdə siqnalın sürəti 3000 metrə çatıb.
Alimlər müəyyən ediblər ki, bu qeyri-adi nəticənin səbəbi okeanda səsin yayılma xüsusiyyətləri ilə bağlıdır. Səs dalğalarının bir hissəsi birbaşa qəbulediciyə çatır, digər hissəsi isə suyun səthindən əks olunaraq daha uzun məsafə qət edir. Bu siqnalların üst-üstə düşməsi nəticəsində zaman interferensiyası yaranır və yeni enerji piki formalaşır.
Tədqiqatçılar bildiriblər ki, həmin enerji piki ilkin dalğalardan daha sürətli hərəkət edə, hətta suda səs sürətini keçə bilər. Lakin bu, səs dalğalarının özünün sürətləndiyi və ya fizika qanunlarının pozulduğu anlamına gəlmir.
Oxşar hadisə işıqla bağlı da məlumdur. Məsələn, işıqlandırılan bir nöqtə səth üzərində işığın sürətindən daha sürətlə hərəkət edə bilər. Buna baxmayaraq, işıq dalğalarının özləri adi sürətlə yayılır. Əsas məqam isə ondan ibarətdir ki, belə enerji piki informasiya daşımır və buna görə də onun vasitəsilə işıq və ya səs üçün müəyyən edilmiş sürət həddindən daha sürətli məlumat ötürmək mümkün deyil.
Alimlərin fikrincə, zaman interferensiyası balinaların səslərinin ölçülməsi zamanı əldə edilən qeyri-adi nəticələri izah edə və gələcəkdə bu heyvanların akustik siqnallar vasitəsilə daha dəqiq yerləşdirilməsinə kömək edə bilər.
Tədqiqatçılar mexanizmi eksperimental şəkildə təsdiqləməyi planlaşdırırlar. Bunun üçün əvvəlcə səs dalğalarının bərk səthdən əks olunması ilə bağlı təcrübələr aparılacaq, daha sonra isə lazer impulslarından istifadə olunacaq.
Sosial şəbəkələrdə paylaş
