Microsoft Windows üçün təcili yeniləmə yayımladı

Microsoft şirkəti Windows əməliyyat sistemləri üçün planlaşdırılmamış təcili yeniləmə təqdim edib. Bu addım yanvar ayının təhlükəsizlik paketinin quraşdırılmasından sonra ortaya çıxan kritik xətaları aradan qaldırmaq üçün atılıb.
Yanvarın 13-də çıxan planlı yeniləmə Secure Launch texnologiyasından istifadə edən bəzi cihazlarda sistemin söndürülməsi və ya hibernasiya rejiminə keçməsi funksiyalarının pozulmasına səbəb olub. İstifadəçilər sistemlərin əməliyyatlara reaksiya vermədiyini bildiriblər.
Bundan əlavə, yeniləmə uzaqdan giriş və autentifikasiya problemləri də yaradıb. Microsoft-un açıqlamasına görə, söndürmə xətaları yalnız Windows 11 23H2 cihazlarını əhatə edib, uzaqdan giriş problemləri isə Windows 11 25H2, Windows 10 22H2 ESU və Windows Server 2025 platformalarında da müşahidə olunub.
Yeni təcili yeniləmə bütün aşkar edilmiş problemləri aradan qaldırır.