Samsung bahalı Galaxy Z TriFold smartfonunu zəmanət üzrə təmir etməkdən imtina edib

Cənubi Koreyada Samsung-un yeni qatlanan smartfonu Galaxy Z TriFold-un ekranının sıradan çıxması ilə bağlı ilk hadisə qeydə alınıb. Cihazın sahibi Samsung-un rəsmi forumunda bildirib ki, heç bir fiziki təsir olmadan smartfonun ekranında nasazlıq yaranıb. Bu barədə SamMobile məlumat yayıb.
İstifadəçinin sözlərinə görə, üç hissədən ibarət ekranın sol menteşə hissəsində şaquli ağ zolaq əmələ gəlib, bundan sonra isə ekranın sol seqmenti öz-özünə sönüb-yanmağa başlayıb. Sahibinin iddiasına əsasən, cihaz nə yerə düşüb, nə də xarici zədələr alıb.
Buna baxmayaraq, təxminən 3,5 milyon Cənubi Koreya vonu dəyərində olan smartfon üçün Samsung bu nasazlığı zəmanət halı kimi tanımayıb. Şirkət ekranın dəyişdirilməsi üçün birdəfəlik 50 faiz endirim təklif edib. Lakin endirimə baxmayaraq, təmirin dəyəri yenə də yüksək olaraq qalır — təxminən 1,3 milyon von.
Mütəxəssislərin fikrincə, bu cür hallar Samsung-un yeni form-faktorlu cihazlarının imicinə mənfi təsir göstərə bilər. Xüsusilə də şirkətin Galaxy Z TriFold modelinin satışını ABŞ və digər ölkələrdə genişləndirməyi planlaşdırdığı bir dövrdə bu cür insidentlər risk yaradır.