Haker Discord istifadəçilərinə aid geniş məlumat bazasını satışa çıxarıb

HawkSec ləqəbi ilə tanınan naməlum haker Discord platformasının istifadəçilərinə aid iri həcmli məlumat bazasını satışa çıxarmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə “Habr” portalı məlumat yayıb.
Hakerin iddiasına görə, məlumat bazası 78,5 milyon fayldan ibarətdir və bura mətn mesajları, səsli danışıqların qeydləri, istifadəçi fəaliyyətinə dair loqlar, eləcə də server məlumatları daxildir.
X sosial şəbəkəsində (keçmiş Twitter) fəaliyyət göstərən Hackmanac monitorinq hesabının məlumatına əsasən, məlumatların toplanması bir neçə ay ərzində OSINT/CSINT ilə əlaqəli, sonradan dayandırılmış layihə çərçivəsində aparılıb. Discord şirkəti isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Discord istifadəçilərin bir qisminin şəxsi məlumatlarının sızdırıldığını təsdiqləmişdi. Həmin vaxt şirkət bildirmişdi ki, insident əsasən müştəri dəstəyi və Trust and Safety bölməsi ilə əlaqədə olan məhdud sayda istifadəçini əhatə edib.
Həmin kibertəhlükəsizlik insidentinə görə məsuliyyəti Scattered Lapsus$ Hunters adlı haker qrupu üzərinə götürmüşdü. HawkSec-in hazırkı iddiaları ilə əvvəlki məlumat sızması arasında əlaqənin olub-olmadığı isə hələlik təsdiqlənməyib.
Urbaninfo.az