İranda etiraz aksiyalarına görə 300-ə yaxın şəxs saxlanılıb

İranda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 297 nəfəri saxlayıb. Yerli KİV-lərin yanvarın 13-də yaydığı məlumata görə, saxlanılan şəxslər xarici təşkilatlarla əlaqədə şübhəli bilinir.
İranın dövlət teleradio şirkəti IRIB-in məlumatında bildirilir ki, saxlanılanların ABŞ və İsrailə bağlı qurumlarla əlaqələrinin olduğu ehtimal edilir. Rəsmi açıqlamada ictimai təhlükəsizliyin təmin olunmasına cavabdeh polis rəhbərinin bu şəxslərin kütləvi iğtişaşlarda iştirak etdiyini təsdiqlədiyi vurğulanıb.
Qeyd edək ki, İranda genişmiqyaslı etiraz aksiyaları ötən ilin sonlarından etibarən milli valyutanın kəskin dəyər itirməsi və yüksək inflyasiya fonunda başlayıb. Yanvarın 8-dən etibarən isə aksiyalar yenidən intensivləşib. Buna səbəb kimi 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin etiraz çağırışları göstərilir.
Rəsmi dairələr ölkədə sabitliyin qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir, vəziyyətin nəzarət altında olduğu qeyd olunur.
Urbaninfo.az