Alimlərdən maraqlı tapıntı: kətan toxumu damar iltihabını azalda bilər

Kətan toxumunun tərkibində olan bəzi maddələrin yağlı qidalanma fonunda yaranan damar iltihabını zəiflədə biləcəyi müəyyən edilib. Bu nəticəyə Çinli alimlər gəlib.
Araşdırmada kətan toxumunda mövcud olan siklinolipeptid B və alfa-linolen turşusunun (omega-3) damarların daxili qatında iltihabi prosesləri azaltdığı müşahidə olunub. Təcrübələr yüksək yağlı qida ilə bəslənən laboratoriya heyvanları üzərində aparılıb.
Alimlər bildirirlər ki, kətan ekstraktı qəbul edən heyvanlarda çəki artımı daha az olub, qandakı yağ göstəriciləri yaxşılaşıb və ürək-damar xəstəlikləri ilə əlaqələndirilən bəzi risk faktorları aşağı düşüb. Eyni zamanda damar toxumasında bərpa əlamətləri qeydə alınıb.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr hələlik ilkin elmi mərhələdədir və kətan toxumunun insanlarda eyni effekti verib-vermədiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, əldə olunan nəticələr qidalanmanın ürək-damar sağlamlığında roluna dair yeni elmi istiqamətlər açır.