Google onlayn alış-verişi neyroşəbəkələr vasitəsilə sadələşdirir

Google onlayn alış-veriş funksiyalarının süni intellekt əsaslı çat-botlara inteqrasiyasını asanlaşdırmaq məqsədilə Universal Commerce Protocol (UCP) adlı açıq standartı təqdim edib. Urbaninfo.az xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.
Şirkətdən bildirilib ki, UCP pərakəndə ticarət nümayəndələrinin iştirakı ilə hazırlanıb. Bu yanaşma satıcıların əsas ehtiyaclarını nəzərə almağa, eyni zamanda rəqəmsal satış kanallarının effektivliyini artırmağa imkan verir.
Yeni protokol təkcə məhsul axtarışı və sifarişin rəsmiləşdirilməsini deyil, həm də satışdan sonrakı xidmətləri — məsləhətlərin verilməsindən tutmuş, alışdan sonra müştərinin müşayiətinə qədər olan prosesləri əhatə edir. Bu isə çat-botların populyarlığının artdığı bir dövrdə alıcılarla ticarət platformaları arasında qarşılıqlı əlaqəni daha da sadələşdirəcək.
Google paralel olaraq elektron kommersiyanın əlaqəli sahələrində istifadə oluna bilən AP2, A2A və MCP kimi digər protokollara da dəstək verdiyini açıqlayıb.
Yaxın zamanda Google xidmətlərinin istifadəçiləri məhsulları süni intellekt rejimində — birbaşa brauzerdə və ya Gemini dialoq pəncərəsində, xarici saytlara keçmədən ala biləcəklər. İlkin mərhələdə bu funksiya ABŞ-ın bir sıra iri pərakəndə satış şəbəkələrinə məxsus mağazalar üçün əlçatan olacaq. Ödənişlər Google Pay və Google Wallet vasitəsilə həyata keçiriləcək, gələcəkdə isə PayPal dəstəyinin də əlavə olunması planlaşdırılır.