Zelenski: Ukraynadakı münaqişə iyunun sonuna qədər başa çata bilər

Ukraynadakı münaqişə iyun ayının sonunadək başa çata bilər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasında Kiprin sədrliyinin açılış mərasimində çıxışı zamanı bəyan edib. Urbaninfo.az xəbər verir ki, məlumatı “Strana.ua” yayıb.
Zelenski bildirib ki, danışıqlar Avropalı tərəfdaşlar, eləcə də ABŞ və “istəklilər koalisiyası”nın digər iştirakçıları ilə birlikdə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, mövcud vəziyyət müharibənin hələ hazırkı prezidentlik dövründə başa çatmasına imkan yarada bilər.
Qeyd edək ki, Kiprin Avropa İttifaqı Şurasındakı sədrliyi 30 iyun tarixində başa çatır.
Xatırladaq ki, Volodimir Zelenski ötən ilin dekabr ayının sonunda Fox News-a verdiyi müsahibədə ukraynalıların 87 faizinin sülhün bərqərar olmasını istədiyini, eyni zamanda vətəndaşların 85 faizinin Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılmasına qarşı olduğunu açıqlamışdı.