Estoniya-Rusiya sərhədində hasar tikintisi gündəmdədir

Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə hasarın tikintisini 2027-ci ilin sonunadək yekunlaşdırmağı planlaşdırır. Urbaninfo.az xəbər verir ki, bu barədə Estoniya Polis və Sərhəd Qoşunları Departamentinin (PPA) müavini Veyko Kommusaar ERR portalına bildirib.
“Polis və Sərhəd Qoşunları Departamenti şərq sərhədində sərhəd infrastrukturu ilə bağlı bütün işləri 2027-ci ilin sonunadək başa çatdırmağı planlaşdırır”, — deyə Kommusaar vurğulayıb.
Qeyd edək ki, dekabr ayında Riqadakı Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Dmitri Kasatkin Latviya sərhədində hərbi hazırlıqların artdığını bildirmişdi. O qeyd etmişdi ki, Latviya NATO üzvləri — Litva, Estoniya və Polşa ilə birlikdə Rusiya və Belarus sərhədlərində “birgə inteqrasiya olunmuş möhkəmləndirmə sistemi”, yəni Baltiya müdafiə xəttini yaratmağa hazırlaşır.
Əvvəllər The Economist jurnalı Baltiya dənizinin potensial Rusiya-NATO qarşıdurmasında əsas məkan ola biləcəyini yazmış, regiondakı enerji və telekommunikasiya infrastrukturuna — o cümlədən Balticconnector qaz kəmərinə diqqət çəkmişdi.