ABŞ vətəndaşlarına hələlik Naxçıvana səfər etməməyi tövsiyə edib

ABŞ hakimiyyəti öz əməkdaşlarına və vətəndaşlarına hələlik Naxçıvan Muxtar Respublikasına səfər etməməyi tövsiyə edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı yaydığı məlumatda bildirib ki, tövsiyə dünən İran pilotsuz uçuş aparatlarının Naxçıvana hücum etməsindən sonra verilib.
Bəyanatda qeyd olunub ki, hazırda ABŞ səfirliyinin Bakıdakı təhlükəsizlik rejimində dəyişiklik edilməyib və adi konsulluq xidmətləri əvvəlki qaydada davam edir.
Diplomatik nümayəndəlik həmçinin ABŞ vətəndaşlarını vəziyyətlə bağlı xəbərləri izləməyə, mümkün olduqda insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və diqqət çəkməməyə çağırıb.
Bundan əlavə, səfirlik təhlükəsizlik tədbirlərinə riayət etməyi və zərurət yarandığı halda regiondan çıxış planı hazırlamağı tövsiyə edib.