“Yeni Klinika”da ölüm işi həkim səhlənkarlığından baş verib
![]()
“Yeni Klinika” PHŞ-də həyata keçirilən cərrahiyyə əməliyyatından sonra xəstənin ölümü ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb.
Bakı şəhəri Nizami rayon prokurorluğundan Urbaninfo.az-a verilən məlumatına görə, Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq kimi çalışan Sevinc Məmmədovanın icra etdiyi əməliyyatdan sonra Günay Məmmədova həyatını itirib.
Araşdırmalar zamanı müəyyən edilib ki, ötən il mayın 6-da keçirilən cərrahiyyə əməliyyatı zamanı texniki səhvə yol verilib. Həmçinin əməliyyatdan sonra yaranan qanaxmanın vaxtında aradan qaldırılması üçün zəruri cərrahi müdaxilə gecikdirilib. Nəticədə Günay Məmmədova mayın 18-də həmin klinikada vəfat edib.
Toplanmış sübutlar və ekspertiza rəyləri əsasında həkim Sevinc Məmmədova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi — yəni səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olma maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
İstintaq dövründə onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib, məhkəmənin qərarı ilə isə vəzifəsindən kənarlaşdırılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.