Qaranlıq əlaqələr və böyük qalmaqal: Ceffri Epşteyn kim idi?

Son günlər mütəşəkkil cinayətkar dəstənin başçısı kimi yenidən gündəmə gələn Ceffri Epşteyn dünya tarixinin ən qalmaqallı fiqurlarından biri hesab olunur. Onun adı təkcə ağır cinayətlərlə deyil, eyni zamanda beynəlxalq siyasi və maliyyə elitası ilə qurduğu əlaqələrlə yadda qalıb.
1953-cü ildə ABŞ-də yəhudi ailəsində anadan olan Ceffri Epşteyn karyerasına müəllim kimi başlasa da, qısa müddət sonra maliyyə sektoruna keçib. Rəsmi izahı tam aydın olmayan yollarla böyük sərvət toplayan Epşteyn zamanla varlı şəxslərin investisiya meneceri kimi tanınıb və nüfuzlu dairələrə çıxış əldə edib.
Epşteynin adı Donald Tramp, Bill Klinton, Kevin Speysi, məşhur hüquqşünas Alan Derşovits, eləcə də Böyük Britaniyanın York hersoqu Şahzadə Endryu kimi siyasət, şou-biznes və monarxiya nümayəndələri ilə yaxın münasibətlərdə hallanıb. Məhz bu əlaqələr onun uzun illər hüquq-mühafizə orqanlarından yayınmasına şərait yaradıb.
İllər sonra Epşteynin yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar, insan alveri və mütəşəkkil cinayət şəbəkəsi yaratmaqda ittiham edilməsi böyük beynəlxalq rezonans doğurub. 2019-cu ildə həbs olunan Epşteyn həmin ilin avqustunda saxlanıldığı həbsxana kamerasında ölü tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib, lakin bu ölüm cəmiyyətdə ciddi şübhələr və saysız-hesabsız suallar doğurub.