Serj Sarkisyana ölkədən çıxış qadağası qoyuldu
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı ölkədən çıxmamaq barədə iltizam qətimkan tədbiri seçilib. O, Robert Köçəryana qarşı aparılan cinayət işi çərçivəsində ittiham olunub.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, Sarkisyana qarşı ölkəni tərk etməmək barədə iltizam tədbiri tətbiq edilib.
Keçmiş prezidentə Robert Köçəryanla bağlı araşdırılan eyni cinayət işi üzrə Ermənistan Cinayət Məcəlləsinin 2003-cü il aprelin 18-də qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə hazırkı Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğun gəlir.
Qeyd edək ki, Ermənistanın digər keçmiş prezidenti Robert Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı iki, xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı isə dörd epizod üzrə ittiham irəli sürülüb.
Serj Sarkisyan Robert Köçəryanın prezidentliyi dövründə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.
