Azərbaycan və Türkmənistan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Türkmənistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın hüquqi bazası daha da möhkəmləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyev 21 avqust 2026-cı il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Saziş 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanıb. Fərmana əsasən, sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təmin edəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkmənistan Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
Sənəd iki ölkə arasında qida təhlükəsizliyi üzrə əməkdaşlığın inkişafına və bu sahədə qarşılıqlı fəaliyyətin institusional əsaslarının gücləndirilməsinə xidmət edəcək.
Sosial şəbəkələrdə paylaş