“Euronews” 20 Yanvar faciəsinin ildönümündən yazdı

“Euronews” televiziya kanalı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb. Materialda qeyd olunur ki, hər il yanvarın 20-də Azərbaycan xalqı keçmiş SSRİ-nin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının qurbanlarının xatirəsini yad edir.
Xəbərdə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edərək 1990-cı ildə baş vermiş faciənin qurbanlarının xatirəsini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Hadisənin ildönümü ölkədə Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Urbaninfo.az xəbər verir ki, “Euronews” materialında Qara Yanvarın Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğu vurğulanır. Səhər tezdən minlərlə insan faciənin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanına gedərək onların xatirəsini yad edir.
Xəbərdə xatırladılır ki, 1990-cı ilin yanvarında keçmiş Sovet hakimiyyəti xəbərdarlıq etmədən Bakıya qoşun yeridib. Əməliyyat nəticəsində azı 140 mülki şəxs həlak olub, 700-dən çox insan yaralanıb, içərisində uşaqlar, qadınlar və yaşlılar da olub.