İlham Əliyev Davosda “BlackRock” və GIP rəhbərləri ilə görüşdü: 1,5 milyard dollarlıq investisiya perspektivi

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda dünyanın aparıcı aktiv idarəetmə şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olunub.
Prezident İlham Əliyevin Davosa səfəri çərçivəsində ARDNF ilə “BlackRock” və GIP arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyəti vurğulanıb. Sənəd mövcud tərəfdaşlığın strateji əsasda davam etdirilməsini və Azərbaycanda infrastruktur layihələri üzrə investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.
Urbaninfo.az xəbər verir ki, niyyət protokoluna əsasən, ARDNF-in GIP tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya layihələrinə 3–4 il ərzində 1,5 milyard ABŞ dollarınadək vəsait yatırılması imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində məlumat mərkəzləri, bulud və süni intellekt infrastrukturu, eləcə də hava limanı infrastrukturu sahələrində tərəfdaşlıq perspektivlərinin araşdırılması nəzərdə tutulur.
Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi keçirilib.