İlham Əliyev Davosda Qətərin Baş naziri ilə görüşdü: enerji və iqtisadi əməkdaşlıq müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.
Urbaninfo.az xəbər verir ki, görüş zamanı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarının Qətər Əmirinə çatdırılmasını xahiş edib.
Söhbət zamanı Azərbaycan–Qətər münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın siyasi dialoqla yanaşı, iqtisadi-ticari, enerji və investisiya sahələrində inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Tərəflər qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıq nümunəsi kimi ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpasına verilən töhfə qeyd olunub. Bu layihənin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə və humanitar sabitliyin təmininə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin regional və qlobal gündəlikdə duran məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə edilib.