MTK sahibi istintaqa cəlb olunmadı: Yasamaldakı ölümlə nəticələnən yanğın işi məhkəməyə göndərildi
Ötən ilin noyabrında Bakının Yasamal rayonunda baş verən və jurnalist Könül Vəlibəylinin də həyatını itirdiyi faciəli yanğınla bağlı cinayət işi üzrə istintaq yekunlaşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınmış yanğın faktı üzrə aparılan araşdırmalar zamanı binanın birinci və zirzəmi mərtəbəsində fəaliyyət göstərən “Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin yanğın təhlükəsizliyi qaydalarını pozduğu müəyyən edilib.
İstintaqın gəldiyi nəticəyə əsasən, təhlükəsizlik qaydalarına əməl olunmaması ehtiyatsızlıqdan insanların ölümünə və xəsarət almasına, həmçinin mənzillərə ciddi maddi ziyanın dəyməsinə səbəb olub.
Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə yekun ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla yanaşı, binanın tikintisinə və istismarına cavabdeh olan MTK rəhbərliyinin istintaqa cəlb olunmaması ictimai müzakirələrə səbəb olub.
