Titul imtiyaz deyil, məsuliyyətdir – Azəriqaz İB rəhbərliyi bu həqiqəti unudub
Dövlətin etimadı dırnaqarası xidmət deyil. Xüsusən də minlərlə insanın gündəlik həyatına, evinin istiliyinə, ailəsinin sağlamlığına birbaşa təsir edən quruma rəhbərlik edirsənsə, bu, birbaşa məsuliyyətdir.
Təəssüf ki, bu gün Azəriqaz İB-nin rəhbəri Azər Məmmədov bu etimadı doğrultmur.
Hava bir az soyuyan kimi minlərlə abonent qazsız qaldı. Evdə yaşlı valideyn, körpə uşaq soyuqda dondu. Problem günlərlə davam etdi, cəmiyyətdə bir sual cavabsız qaldı: haradadır Azəriqaz rəhbərliyi? Bir üzrxahlıq olmadı, bir məsuliyyətli çıxış olmadı, bir açıq izah verilmədi.
Halbuki ortada nümunə var idi. Özündən əvvəlki rəhbər Ruslan Əliyev hər həftə media üçün açıq qapı günləri keçirirdi. Suallar canlı efirdə verilirdi, cavablar gizlədilmirdi. Hava soyuyan kimi canlı yayım açıb abonentlərdən vəziyyəti soruşurdu. Problem varsa, qaçmırdı – üz-üzə çıxırdı, canlı yaylmdaca sahə rəislərinə tapşırıq verirdi.
Bu gün Azəriqaz İB-də nə media ilə sağlam dialoq var, nə vətəndaş cəmiyyəti ilə. Qapılar bağlıdır, cavablar gecikir, çox vaxt da formal və qaneedici olmur. Biz media ilə çalışan, əvvəlki rəhbərlik dövründən operativ işləyən mütəxəssisləri tanıyırıq. Deməli, problem sıravi əməkdaşlarda yox, idarəetmədə və rəhbərliyin yanaşmasındadır.
Qurumda qüsurlar çoxdur, ən ağrılı məsələlərdən biri sayğaclarla bağlıdır.
Kartla işləyən sayğaclar olanda vətəndaşın cibinə girmək olmurdu. Boş hava vurmaq, artıq pul yazmaq mümkün deyildi. Elə buna görə də kartlı sistemə qarşı sistemli təzyiq başlandı.
Qanunlara tüpürərək, oğru pişiklər kimi, insanlar evdə olmayanda, heç bir akt imzalatmadan sayğaclar dəyişdirilir. Çünki vətəndaş evdə olanda müqavimətlə üzləşirlər. Bu, artıq texniki məsələ yox, açıq-aşkar özbaşınalıqdır. Yoxlasın DTX görək kütləvi sayğacdəyişmənin neçəsi vətəndaşların razılığı ilə, akt tərtib edilərək baş verib? Ümimiyyətlə, heç bir şikayət olmadığı halda, alman markalı keyfiyyətli sayğacların kütləvi dəyişdirilməsində məqsəd nədir?
Görünən odur ki, kartlı sayğaclara süni “problemlər” yaradılır ki, abonent bezsin və məcbur qalıb mexaniki sayğaca keçsin. Çünki mexaniki sayğacda "hava ilə yol tapmaq" asandır.
Evdə soyuqdan donan yaşlı valideynin, üşüyən övladın çarəsiz üzünə baxanda insan hər yola əl atar. Yetər ki, əzizləri üşüməsin. Bu isə vətəndaşın zəif nöqtəsindən istifadə etməkdir. Kartlı sayğaclarda problem olur, keçin mexanikiyə bu mesajdır. Özlərində məsuliyyət hiss etmirlər ki, güclənmiş iş rejimi harda qaldı?
İnsanların mexaniki sayğaca güvəni yoxdur. Çünki illərlə şişirdilmiş borclar, bürokratik əngəllər, əsassız hesablamalarla üzləşiblər. Sayğacını dəyişənlərin demək olar hamısı təsdiqləyir: kartlı sistemdə qaz daha az israf olunurdu. Mexaniki sayğaclar isə ən azı 40 faiz artıq yazır.
Problemlər bununla da bitmir.
Sahə üzrə mütəxəssislərin bildirdiyinə görə, vəziyyət artıq ciddi araşdırma və nəzarət tələb edir. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, 37 min, 40 min, hətta 50 min abonenti olan rayonlara cəmi 1 nəfər mühəndis-metroloq ştatının ayrılması, eyni zamanda 1000–1200 abonentə yalnız 1 çilingərin düşməsi xidmətin faktiki olaraq iflic vəziyyətinə salınmasına gətirib çıxarır.
Bunun əvəzində isə müxtəlif şəxslər müəyyən “hörmət” qarşılığında aylıq 1500–2000 manat əməkhaqqı ilə “usta” vəzifəsinə yerləşdirilir. Bu şəxslərin böyük əksəriyyətinin nə sayğac, nə də qaz təsərrüfatı üzrə elementar bilik və bacarığı var.
Nəticə acınacaqlıdır: abonent sifariş verir, lakin xidmət göstərilmir. Təyin olunan “usta” ünvanına gedib açıq şəkildə deyir: “Sayğacdan başım çıxmır.”
Haqlı sual yaranır: əgər əməkdaş öz işi üzrə bilik və bacarığa malik deyilsə, ona niyə 1500–2000 manat maaş ödənilir?
Digər tərəfdən, bayram və qeyri-iş günlərində işlədilən sayğac oxuyan işçilərin nə iş günü rəsmiləşdirilir, nə də qanunvericiliyə uyğun olaraq əlavə əməkhaqqı verilir. Bu isə həm əmək qanunvericiliyinin, həm də dövlət vəsaitinin səmərəli istifadəsi prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Açıq deyək: Azəriqaz İB rəhbəri işinin öhdəsindən gələ bilmir. Media üçün qapılar bağlıdır, vətəndaş üçün etimad itib, sistem isə iflic vəziyyətindədir.
SOCAR rəhbərliyi, üzümüzü Sizə tuturuq. Yazıqdı bu vətəndaşlar. Onsuz da həyat bahadır, problemlər yetərlidir. İnsanlara süni əngəl yaradan, dövlətin adından sui-istifadə edənlərə qarşı tədbir görülməlidir.
Unutmayaq, titul kreslo deyil ki, rahat oturasan.
Titul məsuliyyətdir. Xalq qarşısında, dövlət qarşısında məsuliyyət. Vətəndaşın dövlətə güvənini sarsədanların cəzası ağır olur.
Elnurə Abuşova
