Rövşən Nəcəfin təbrikində diqqətdən qaçan məqam: “Sabah” avrokuboklara kubok qalibi kimi yox, çempion kimi yollanır

Azərbaycan Kubokunun finalında inamlı və baxımlı oyun nümayiş etdirən Sabah FK layiqli qələbə qazanaraq titulun sahibi oldu. Oyundan dərhal sonra isə AFFA prezidenti Rövşən Nəcəf klubu sosial şəbəkə hesabında təbrik etdi.
Maraqlı məqamlardan biri o oldu ki, AFFA prezidentinin təbrik mətni oyun başa çatan kimi hazır və redaktə olunmuş şəkildə paylaşılmışdı. Hətta AFFA-nın rəsmi saytı belə bu operativliyə çatmamışdı. Bu isə sosial media komandasının çevik fəaliyyət göstərdiyini nümayiş etdirdi.
Paylaşılan təbrik mətni kifayət qədər geniş və emosional tərzdə hazırlanmışdı. Bəzi futbol ictimaiyyəti nümayəndələrinin diqqətini çəkən məqam isə odur ki, oxşar həcmli təbriklər əvvəllər Qarabağ FK Avropa arenalarında uğurlar qazandıqda belə görünmürdü.
Lakin əsas müzakirə mövzusu təbrikdə yer alan bir cümlə oldu. Rövşən Nəcəfin paylaşımında “Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək” ifadəsi işlədilib.
Məhz bu məqam futbol ictimaiyyətində sual yaradıb. Çünki “Sabah” avrokuboklarda Azərbaycan Kubokunun sahibi kimi deyil, Azərbaycan Premyer Liqasının çempionu kimi iştirak edəcək. Klub Çempionlar Liqasına vəsiqəni məhz çempionluq sayəsində qazanıb. Azərbaycan Kubokunun qalibi olmaq isə bu halda komandaya əlavə avrokubok üstünlüyü vermir.
Futbol qaydalarına əsasən, ölkə kubokunun qalibi UEFA Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə əldə edə bilər. Çempionlar Liqasına qatılmaq hüququ isə yalnız ölkə çempionuna məxsusdur.
Bu səbəbdən, AFFA rəhbərliyinin rəsmi təbrik mətnində texniki baxımdan yanlış ifadədən istifadə etməsi diqqətdən yayınmadı. Futbol ictimaiyyəti hesab edir ki, belə məqamlarda federasiya rəsmilərinin daha dəqiq və peşəkar kommunikasiya nümayiş etdirməsi vacibdir.
Qeyd: Xəbərdə jurnalist Elşən Məmmədovun fb-da yazdığı statusdan istifadə edilib