Süni intellektdə uğurun açarı “4C” yanaşmasıdır

Dünya Bankının açıqladığı “Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025: Süni intellektin əsaslarının gücləndirilməsi” sənədi süni intellekt (Sİ) sahəsində qlobal tendensiyaları və inkişaf etməkdə olan ölkələr üçün əsas çağırışları ön plana çıxarıb. Bu barədə ereforms.gov.az saytı məlumat yayıb.
Hesabatda vurğulanır ki, ölkələrin süni intellektdən real iqtisadi və sosial fayda əldə etməsi üçün texnologiyanın özü deyil, onun dayandığı baza həlledicidir. Bu baza “4C” yanaşması ilə izah olunur: bağlantı (connectivity), hesablama gücü (compute), məlumat və tətbiq konteksti (context), insan kapitalı və bacarıqlar (competency).
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədovanın sözlərinə görə, süni intellektə yalnız texnoloji yenilik kimi yanaşmaq kifayət deyil. Enerji və rəqəmsal infrastruktur, yerli məlumat bazaları və insan kapitalı paralel şəkildə inkişaf etmədikdə investisiyalar gözlənilən nəticəni vermir.
Hesabatda xüsusilə qeyd olunur ki, inkişaf etməkdə olan ölkələr süni intellekt sahəsində əsasən hazır texnologiyaların istifadəçisi mövqeyində qalır. Bunun səbəbi hesablama gücünün, yerli məlumat resurslarının və innovasiya ekosisteminin məhdud olmasıdır. Statistikaya görə, süni intellektə yönələn qlobal vençur investisiyalarının böyük hissəsi ABŞ və Avropanın payına düşür, digər regionlar isə xeyli geridə qalır.
Sənəddə açıq mənbəli süni intellekt modellərinin bu ölkələr üçün mühüm imkan yaratdığı vurğulanır. Açıq mənbə yanaşması yüksək xərclər olmadan yerli dillərə və ehtiyaclara uyğunlaşdırma imkanı verir və texnoloji asılılığı azaldır.
Hesabatda qeyd olunur ki, bu yanaşma Azərbaycan üçün də aktualdır. Prioritet hazır həllərin sadəcə tətbiqi deyil, Azərbaycan dilində və yerli kontekstdə məlumat ekosisteminin qurulması, insan kapitalının gücləndirilməsi və dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsidir. Bu halda süni intellekt ölkə üçün yalnız texnoloji trend deyil, dayanıqlı və inklüziv inkişaf alətinə çevrilə bilər.
Urbaninfo.az