Ceyhun Bayramov və Hakan Fidan regionda təhlükəsizlik və müttəfiqlik əməkdaşlığını müzakirə ediblər

Yanvarın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərindən irəli gələn əsas məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazirlər iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıblar.
Danışıqlar zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər beynəlxalq platformalarda Azərbaycan və Türkiyənin bir-birini ardıcıl şəkildə dəstəkləməsinin əhəmiyyətini qeyd edərək, əlaqələndirilmiş fəaliyyətin müsbət nəticələr verdiyini bildiriblər.
Eyni zamanda, regionda mövcud təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Telefon danışığı zamanı iki ölkə arasında qarşılıqlı etimada və qardaşlığa əsaslanan əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Urbaninfo.az