KISMIF 2026 konfransı keçiriləcək, mədəniyyətlər və qlobal qeyri-müəyyənlik müzakirə olunacaq

2026-cı il iyulun 8–11-də Portuqaliyanın Porto şəhərində yerləşən Porto Universitetində KISMIF beynəlxalq elmi konfransı keçiriləcək. Urban musiqi, alternativ incəsənət və “özün et” (DIY) mədəniyyətləri üzərində fokuslanan konfrans bu dəfə “DIY mədəniyyətlər, qlobal qeyri-müəyyənlik və tənqidi təxəyyül” mövzusuna həsr olunub.
Konfrans çərçivəsində məruzə tezislərinin qəbulu artıq açıq elan edilib. Təşkilatçılar sosiologiya, antropologiya, tarix, mədəni iqtisadiyyat, mədəniyyətşünaslıq, coğrafiya, fəlsəfə, urbanistika, media araşdırmaları ilə yanaşı, dizayn, illüstrasiya, populyar musiqi, kino, vizual və səhnə sənətləri sahələrində çalışan tədqiqatçıları, akademikləri, aktivistləri və sənətçiləri əməkdaşlığa dəvət edirlər.
Qeyd edək ki, KISMIF konfransı indiyədək 2014, 2015, 2016, 2018, 2021, 2022 və 2024-cü illərdə uğurla təşkil olunub və bu müddət ərzində alternativ musiqi-incəsənət səhnələri və DIY mədəniyyətləri üzrə beynəlxalq müzakirə platformasına çevrilib. KISMIF 2026 isə çoxşaxəli qlobal böhranlar fonunda cəmiyyətlərdə artan parçalanmanı tənqidi baxış və yaradıcı yanaşmalarla yenidən düşünmək üçün mühüm fürsət kimi dəyərləndirilir.
Konfransın həm akademik, həm də yaradıcı icmalar üçün beynəlxalq əməkdaşlıq və ideya mübadiləsi baxımından əhəmiyyətli platforma olacağı vurğulanır.
Urbaninfo.az