ABŞ Venesuelaya hərbi əməliyyatdan əvvəl Maduroya çıxış təklif etmişdi

Türkiyənin Xarici İşlər naziri Hakan Fidanin TRT Haber kanalına verdiyi açıqlamaya görə, ABŞ Venesuelaya hərbi əməliyyatdan əvvəl ölkə prezidenti Nikolas Maduroya istənilən dünya ölkəsinə getmək imkanı təklif edib.
Fidan bildirib:
"Bizim məlumatımıza görə, ABŞ Maduroya istənilən yerə getməyi təklif etmişdi. Əks halda onu hərbi əməliyyatla hədələmişdilər. Bizə belə bir sorğu Madurodan və ya digər ölkələrdən daxil olmayıb."
Xatırladaq ki, 3 yanvar ABŞ Venesuelaya zərbə endirib: partlayışlar paytaxt Karakas və Fort-Tiuna hərbi bazasında qeydə alınıb. ABŞ Prezidenti Donald Tramp əməliyyatın uğurlu olduğunu və Maduronu və onun həyat yoldaşını ələ keçirdiklərini bildirib. Tramp vurğulayıb ki, Venesuelanın idarəsi "səlahiyyətlərin təhvil verilməsinə qədər" ABŞ-ın nəzarətindədir.
Daha sonra, 5 yanvar tarixində Nyu-York Federal Məhkəməsi Maduro ilə bağlı ilk iclası keçirib. Venesuelalı lider həbsdə saxlanılıb, yeni dinləmə təyin olunub və o, günahını qəbul etməyərək özünü hərbi əsir adlandırıb.