Qar yağışı səbəbindən “Türk Hava Yolları” 60-dan çox uçuşu ləğv etdi
Urbaninfo.az xəbər verir ki, gölənilən güclü qar yağışı Türkiyədə aviasiya hərəkətinə təsirsiz ötüşməyib. Ölkənin bayraqdar aviaşirkəti “Türk Hava Yolları” (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi ləğv etmək qərarı verib.
Aviaşirkətin mətbuat xidmətinin rəhbəri Yahya Üstün bildirib ki, sinoptiklərin proqnozlaşdırdığı qar yağışı səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 uçuş həyata keçirilməyəcək. Onun sözlərinə görə, əsas səbəb ölkənin şərq və mərkəzi bölgələrində hava şəraitinin kəskin pisləşməsidir.
Hava limanlarının onlayn uçuş cədvəllərinə əsasən, ləğv edilən reyslər arasında Ankara, İstanbul və Antalya istiqamətləri üzrə daxili uçuşlar da var. Beynəlxalq reyslərin isə hələlik bu qərardan təsirlənmədiyi bildirilir.
Bundan başqa, “Türk Hava Yolları”nın törəmə şirkəti olan aşağıbüdcəli AJet aviaşirkətinin də bəzi planlaşdırılan uçuşları ləğv edilib.
Qeyd edək ki, sinoptiklər yaxın günlərdə Türkiyənin bir sıra vilayətlərində güclü qar yağacağının davam edəcəyini proqnozlaşdırırlar. Aviaşirkət sərnişinlərə uçuşlarla bağlı son məlumatları rəsmi kanallar vasitəsilə izləməyi tövsiyə edir.