Maduronu necə və niyə ələ keçirmək mümkün oldu?

Urbaninfo.az xəbər verir ki, Maduronun ələ keçirilməsi sualına cavab axtararkən səbəblərdən daha çox boşluqlar və müəmmalar ön plana çıxır. Bir tərəfdən baş verənləri ABŞ-ın hərbi və texniki üstünlüyü ilə izah etmək olar. Amerika dünyanın ən güclü donanmasına, aviasiyasına və xüsusi təyinatlı qüvvələrinə malikdir. Lakin məsələ təkcə xarici güclə izah ediləcək qədər sadə görünmür.
Əsas sual budur: Venesuela niyə öz ərazisində mümkün qarşıdurmaya hazır deyildi?
Ordu harada idi? Hava hücumundan müdafiə sistemləri, kəşfiyyat strukturları, təhlükəsizlik qüvvələri niyə effektiv işləmədi? ABŞ-ın sabiq prezidenti Donald Trampın Maduronu açıq şəkildə devirməklə hədələdiyi bir dövrdə prezidentin təhlükəsizliyini kim və niyə lazımi səviyyədə təmin etmədi?
Daxildə həlledici rol oynayan amil nə idi – xəyanət, yoxsa artıq formalaşmış siyasi razılaşma? Bəzi ehtimallara görə, Venesuela daxilində müəyyən dairələr yeni “oyun qaydalarına” uyğun mövqe tutub və Vaşinqtonla gizli anlaşmaya gedib.
Obyektiv reallıq isə ondan ibarətdir ki, Maduro xarici dəstəkdən məhrum qalıb. Rusiya 2018-ci ildə olduğu kimi Venesuelaya hərbi-siyasi dəstək verə bilərdi, hətta strateji bombardmançıların göndərilməsi ilə bunu nümayiş etdirmişdi. Lakin hazırda Moskvanın diqqəti və resursları Ukrayna cəbhəsinə yönəlib.
Çin məsələsinə gəlincə, Pekin ənənəvi olaraq tərəfdaşlarını birbaşa hərbi güclə müdafiə etmir. Venesuela da bu qaydadan kənarda qalmayıb. Çin iqtisadi maraqları qorumağı üstün tutur, riskli hərbi-siyasi qarşıdurmalara girmir.
Nəticədə Maduro tək qaldı. Xarici dayaqlar zəiflədikdə, daxildəki çatlar daha aydın görünməyə başladı. Hadisələrin gedişi isə göstərdi ki, hakimiyyət təkcə güclə yox, həm də sədaqətlə qorunur.