Məişət zorakılığı qurbanları dövlət rüsumundan azad edilir

Azərbaycan Respublikasında məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı mühüm qanun dəyişikliyi edilib.
Urbaninfo.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Dəyişikliklə qanunun 9.1.20-ci maddəsinə yeni – 9.1.20-1-ci maddə əlavə olunub.
Yeni maddəyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsin uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı məhkəməyə müraciəti zamanı dövlət rüsumu tutulmayacaq. Bu kateqoriyadan olan ərizəçilər rüsum ödəməkdən azad ediliblər.
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq Milli Məclis tərəfindən qəbul olunub.
Sənəd 2025-ci il dekabrın 30-da Prezident İlham Əliyev tərəfindən imzalanıb.