Müəllim 65 min manatlıq dələduzluğa görə həbs edildi
Repetitorluq edən qadın şagirdinin anasını qızıl biznesi ilə bağlı aldadıb
Mingəçevir şəhərində tanışına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.
Məlumata görə, Mingəçevirdə Kəlbəcər məktəbində fizika müəllimi işləyən S.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, məhkəmə zalında həbs edilib.
Araşdırma zamanı S.Mahmudovanın repetitorluq fəaliyyəti ilə də məşğul olduğu müəyyənləşib. O, şagirdlərindən birinin anasının külli miqdarda pulunun olduğunu öyrənərək özünü qızıl biznesi ilə məşğul olan şəxs kimi təqdim edib və qadının etimadını qazanıb.
Nəticədə valideyndən 65 min manat alaraq mənimsəyib.
Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını da təmin edib. S.Mahmudovadan 48 min manatın tutularaq zərərçəkmişə ödənilməsi qərara alınıb.
