Bakıda 6 nəfəri aldadan qadına 6 il həbs verildi
Özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edən qadın 200 min manata yaxın vəsait əldə edib.
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən 36 yaşlı Nərmin Məhərrəmovaya (soyad şərtidir) hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, N.Məhərrəmova müxtəlif vədlərlə 6 nəfərdən 200 min manata yaxın pul alıb.
İttihama görə, o, zərərçəkmişlərə işə düzəltmə, diplom alma, pulun nağdlaşdırılması, qızıl biznesi və lombarddan qızıl çıxarılması ilə bağlı vədlər verib. Şikayətçilərdən bəziləri N.Məhərrəmovanın özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etdiyini və yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildirdiyini deyiblər.
Araşdırma zamanı onun Yasamal rayonunda, Şəfayət Mehdiyev küçəsində yerləşən və vaxtilə “Lider TV” kimi tanınan binada fəaliyyət göstərən Azərbaycan Həmrəylik Partiyası ilə əlaqəsinin olduğu müəyyənləşib. Zərərçəkmişlərdən bir neçəsi pullarını tələb etmək üçün həmin ünvana müraciət edib. Vəsaitlərini geri ala bilmədikdən sonra polisə şikayət ediblər.
Nəticədə N.Məhərrəmova barəsində Cinayət Məcəlləsinin külli miqdarda dələduzluqla bağlı maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmədə Azərbaycan Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da ifadə verib. O, Nərmin Məhərrəmovanı və atasını tanıdığını, lakin N.Məhərrəmovanın partiyada işləmədiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məhərrəmova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin zərərçəkmişlərdən birinin 143 min manatlıq mülki iddiası təmin olunub. Həmin vəsaitin N.Məhərrəmovadan tutularaq zərərçəkmiş şəxsə ödənilməsi qərara alınıb.
