Xırdalanda 19 yaşlı qızın ölümünə səbəb olan qumbaranın evdə gizlədildiyi bildirilir
Xırdalanda 19 yaşlı Xədicə Mustafayevanın ölümü ilə nəticələnən partlayışla bağlı yeni detallar üzə çıxıb.
İlkin məlumata əsasən, hadisə gənc qızın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması zamanı baş verib.
Hadisə şahidinin sözlərinə görə, partlayışdan sonra Xədicə Mustafayeva həyətdə ağır xəsarətlərlə vəziyyətdə olub. O, əl, qarın və baş nahiyələrindən ciddi xəsarətlər alıb.
Şahid bildirib ki, qızın qardaşı onu təcili olaraq avtomobillə xəstəxanaya aparmağa çalışıb. Lakin Xədicə Mustafayeva xəstəxanaya çatdırılmadan, yolda həyatını itirib.
Qonşuların iddiasına görə, ailədə dörd övlad olub. Onların sözlərinə əsasən, evdə aşkarlanan əl qumbarasını Xədicənin qardaşlarından biri əldə edərək gizlədib. Hadisə günü isə Xədicə qumbaranı tapıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində ibtidai istintaq tədbirləri həyata keçirilir.
Mərhum Xədicə Mustafayevanın kikboksinq üzrə müxtəlif yarışlarda iştirak etdiyi və turnirlərin qalibi olduğu da bildirilir.
