ADMİU tələbələri ilə bağlı hədələyici ifadələr səsləndirən şəxslərlə bağlı tədbir görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada yayılan görüntülər hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb.
Belə ki, TikTok-da “leylakenan” adlı hesabdan yayımlanan canlı yayımda universitetin birinci kurs tələbələri haqqında təhqiramiz və aşağılayıcı ifadələr işlədilib. Yayımda tələbələrə fiziki xəsarət yetiriləcəyi ilə bağlı hədələr də səsləndirilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, polis hadisədən məlumatlıdır və araşdırma aparır.
Araşdırmanın nəticəsi olaraq görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət ediliblər.
DİN rəsmisinin məlumatına görə, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar rəsmiləşdirilib.
Onlara gələcəkdə analoji hallara yol verməmələri barədə xəbərdarlıq edilib.
